Ağ Ev İrana qarşı yeni sanksiyaları anons edib

ABŞ SEPAH və İran Müdafiə Nazirliyi ilə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edəcək...

İranın İsrailə qarşı “görünməmiş” hava hücumundan sonra ABŞ hakimiyyəti ölkənin raket və pilotsuz təyyarə proqramları, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar da daxil olmaqla sanksiyaları genişləndirmək üzərində işləyir.

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama verib.

Ağ Evin saytında dərc olunan bəyanatda deyilir:

“Bu yeni sanksiyalar və digər tədbirlər İranın hərbi imkanlarını və effektivliyini məhdudlaşdırmaq və azaltmaq və onun problemli davranışının bütün spektrinə qarşı çıxmaq üçün davamlı təzyiq göstərməyə davam edəcək”.

Bəyanatda qeyd edilir ki, ABŞ prezidenti Co Bayden digər tədbirlərlə bağlı müttəfiqlərlə, o cümlədən G7 ölkələri ilə məsləhətləşmələr aparır. Ağ Ev hesab edir ki, ABŞ-ın tərəfdaşları da İrana qarşı da sanksiyalar tətbiq edəcək.

Bu arada son məlumatlara görə ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yaradılması üzərində işləyir.

Poliqon.info