Polşa prezidenti Ukraynada vəziyyətin “çox çətin” olduğunu bildirib

Polşa prezidenti Duda Ukraynada vəziyyətin çox çətin olduğunu və Kiyevə kömək lazım olduğunu deyib...

Polşa prezidenti Anjey Duda Ukrayna üçün vəziyyətin “çox çətin” olduğunu bildirib və Qərb ölkələrini Kiyevin itirilmiş ərazilər üzərində nəzarəti bərpa edə bilməsi üçün “mümkün olan hər şeyi” etməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Polşanın LRT telekanalı məlumat yayıb.

Duda xatırladıb ki, o, beynəlxalq arenada həmişə “Ukraynanın Qərb ölkələrinin daimi və sonsuz köməyinə ehtiyacı olduğunu” vurğulayıb. Polşa liderinin sözlərinə görə, bu gün Ukraynaya ilk növbədə döyüş sursatı çatdırılmalıdır.

“Ukraynada vəziyyət çox ağırdır... Ukrayna ərazilər üzərində tam nəzarəti bərpa etmək istəyir. Bu, həm də bütün dünya üçün vacibdir, çünki bu, beynəlxalq hüququn qüvvədə olduğuna işarədir”, deyə Duda bildirib.

Polşa prezidenti həmçinin qeyd edib ki, Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkünlüyü barədə heç bir söhbət eşitməyib.

“Hazırda danışıqlar dəqiq aparılmır. Mən bilirəm ki, Vladimir Zelenskinin ölkəsinin müdafiəsi və ərazilərin geri qaytarılması ilə bağlı çox sərt mövqeyi var”,deyə Polşa Prezidenti vurğulayıb.

Poliqon.info