Beyləqanda ağır qəza: Xəsarət alanların son durumu - Yenilənib

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib...

Beyləqan rayonu Şəfəq qəsəbəsində qeydə alınan qəza zamanı avtobusda 20 nəfər olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 8-i saat 8 radələrində Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun 22-ci kilometrliyində baş verib:

“Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində Gülməmməd İmanovun idarə etdiyi “İsuzu” markalı, 77-JG-506 dövlət qeydiyyat nişanlı avtobus sərt döngədə yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinin içərisində biri qadın olmaqla 18 nəfərə ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar”.

Faktla bağlı araşdırma aparılır.

***

Oxu.Az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.

İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Poliqon.info