ABŞ və Almaniya Ukraynanı NATO-ya dəvət etməyin əleyhinədir...

Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, Kiyevin iki aparıcı müttəfiqi istisna olmaqla, hamısı Ukraynaya NATO-ya üzv olmaq üçün rəsmi dəvətin verilməsi ideyasını dəstəkləyir...

Poliqon xəbər verir ki, Olqa Stefanişinabu barədə telemarafonun efirində danışıb.

Olqa Stefanişina qeyd edib ki, Ukrayna ilə bağlı məsələlərin gündəliyini Kiyev müəyyən edir. Onun sözlərinə görə, Ukrayna üçün NATO-ya dəvət məsələsi gündəmdədir və bu qərar qəbul olunana qədər də gündəmdə olacaq.

"Dəvətin formatı NATO-ya üzv olmağın hüquqi təminatı kimi Ukraynanın özü tərəfindən təklif edilib. Bu, gündəmdədir. İkisi istisna olmaqla, bütün müttəfiqlər bu qərarı tamamilə dəstəkləyir. İndi bu məlumat ictimailəşəndən sonra ABŞ və Almaniya diqqətlərini Macarıstan və Slovakiya kimi digər skeptik müttəfiqlərə yönəltməyə çalışırlar. Amma bu iki ölkənin mövqeyi əsasdır", deyə Olqa Stefanişina bildirib.

Onun sözlərinə görə, ABŞ və Almaniya Ukraynanın NATO-ya dəvət edilməsinin əleyhinədir, çünki bu, sadəcə olaraq söhbət deyil, real qərardır.

Qeyd edək ki, NATO liderləri hərbi ittifaqlarının 75-ci ildönümünü qeyd etmək üçün iyulda keçiriləcək sammitə toplaşacaq. "The New York Times" Qərb rəsmilərinin şərhlərinə istinadən yazır ki, Ukrayna NATO-ya üzv olmaq üçün rəsmi dəvətə ümid edirdi, lakin bunun iyul sammitində baş tutması ehtimalı azdır.

"ABŞ və Almaniya keçən il Vilnüsdə keçirilən sammitdə olduğu kimi, Ukraynanı Vaşinqtonda üzvlük danışıqlarına başlamağa dəvət etməyin əleyhinədirlər və bu məsələnin iyulda sammitin gündəliyindən çıxarılmasını istəyirlər. Bununla belə, onlar Ukraynaya yerinə yetirə biləcəyi konkret öhdəliklər vermək istəyirlər", deyə nəşr qeyd edib.

Poliqon.info