Ukrayna dronlarla Rusiya hərbi aerodromuna hücum edib...

Rusiya hakimiyyəti və mediası Rostov vilayətinin Morozovsk aerodromuna dronların “kütləvi hücumu” barədə məlumat veriblər...

Poliqon xəbər verir ki, yerli hakimiyyət orqanları və Rusiya mətbuatı cümə günü gecə aerodromun yerləşdiyi Rostov vilayətinin Morozovski rayonuna pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildiriblər.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bu barədə qısa bir mesaj yayımlayıb: “Morozovski bölgəsində hava hücumundan müdafiə bölmələri böyük PUA hücumunu dəf edir”.

Bundan əvvəl də Rusiya mediası, o cümlədən “Readovka” telegram kanalının təbliğatçıları hücumun hədəfinin Morozovsk aerodromu olduğunu yazıb. Başqa bir media subyekti isə yerli sakinlərə istinadən yazıb ki, onlar “15-dən çox hava hədəfi” görüblər.

Ukraynalı bloqqerlər isə yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca fəaliyyət göstərən Su-34 qırıcıları yerləşir.

Daha sonra qubernator Vasili Qolubev vilayətin Morozovski rayonunda baş verənlərlə bağlı yeni mesaj dərc edib:

“İlkin məlumatlara görə, Morozovski rayonunda hava hücumundan müdafiə qüvvələri tərəfindən 40-dan çox hədəf məhv edilib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”.

Qolubev Morozovsk yaxınlığındakı aerodromdan bəhs etmir. Onun verdiyi dron sayı isə digər mənbələrin qeyd etdiyindən çoxdur.

Poliqon.info