Kreml: Rusiya ilə NATO arasında münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb

Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, NATO Avropa qitəsində Amerikanın qarşıdurma aləti olaraq qalır...

Poliqon xəbər verir ki, Kreml nümayəndəsi alyansın 75 illik yubileyi fonunda onunla münasibətlərə dair sualı belə cavablandırıb.

Rusiya prezidentinin mətbuat katibi Moskva ilə alyans arasında münasibətlərin pisləşdiyini qeyd edib. O, vurğulayıb ki, tərəflər birbaşa qarşıdurma mərhələsinə keçiblər.

“Əslində indi bu münasibətlər birbaşa qarşıdurma səviyyəsinə düşüb. NATO ölkələri, alyansın özü artıq Ukrayna ətrafında münaqişəyə qarışıb. NATO sərhədlərimizə doğru hərəkətini, hərbi infrastrukturunun sərhədlərimizə doğru genişlənməsini davam etdirir”, deyə Peskov mətbuat brifinqi zamanı bildirib.

Peskovun sözlərinə görə, NATO “ilk növbədə Avropa qitəsində qarşıdurma aləti kimi” yaradılıb və idarə olunub. Onun fikrincə, bu baxımdan alyans indi “heç bir halda qitədə təhlükəsizliyə və sabitliyə töhfə verməyən, əksinə, sabitliyi pozan amil olaraq ortaya çıxıb.

Poliqon.info