Rusiya XİN: Ukraynadakı münaqişə indiki coğrafi sərhədlərdən kənara çıxa bilər...

Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Moskvanın NATO ilə və ya Alyansın üzvləri ilə ayrıca müharibə etmək niyyəti yoxdur...

Poliqon xəbər verir ki, diplomat bu barədə "RİA Novosti" Agentliyinə müsahibəsində danışıb.

"Hərbi blok Rusiya ilə açıq münaqişəyə hazırdırmı, biz NATO üzvlərinin özlərindən soruşmalıyıq. Hər halda bizim Alyansa üzv olan ölkələrlə bağlı belə bir niyyətimiz yoxdur", deyə Qruşko bildirib.

XİN rəhbərinin müavini xəbərdarlıq edib ki, əgər NATO ölkələrindən heç olmasa biri Fransa prezidenti Emmanuel Makronun səsləndirdiyi kimi avantürist hərəkətlərə müsbət reaksiya versə, Ukraynadakı münaqişə indiki coğrafi sərhədlərdən kənara çıxa bilər.

O vurğulayıb ki, Rusiya Federasiyası Şimali Atlantika Alyansından heç bir təhlükəni cavabsız qoymayacaq və NATO bazaları Ukraynada görünsə, ölkə "yanacaq".

Qeyd edək ki, fevralın sonunda Makron Ukraynaya avropalı əsgərlərin göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib. Onun sözlərinə görə, indi Kiyevə kömək etmək üçün “artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur”.

Poliqon.info