Qəzzadakı müharibə Baydenə seçkini uduzmaq bahasına başa gələ bilər

ABŞ-dakı demokratlar İsrailin Qəzza zolağında müharibəsinin prezident Co Bayden üçün ciddi siyasi problemə çevriləcəyindən qorxurlar...

Poliqon xəbər verir ki, bu barədə The Hill qəzeti yazır. Nəşr qeyd edir ki, Bayden İsraili dayandırmasa, bu, ona prezident seçkilərini uduzmaq bahasına başa gələ bilər.

Bayden Qəzzada humanitar vəziyyətin pisləşməsi, itkilərin artması və bir milyondan çox fələstinlinin sığındığı Rafaha ehtimal edilən İsrail müdaxiləsi ilə bağlı Demokrat konqresmenlərin və senatorların artan təzyiqi altındadır.

Sorğular göstərir ki, amerikalılar İsrailin hərəkətlərini getdikcə daha çox bəyənmirlər. Bu, noyabr seçkiləri öncəsi partiyanı Baydenin arxasında birləşməyə sövq edən Demokratlar üçün “siyasi başağrısı” yaradır.

“Bu müharibə davam edərsə, ciddi problem olaraq qalacaq. Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb nə qədər tez atəşkəs əldə edə bilsə, onun üçün siyasi baxımdan bir o qədər yaxşıdır. ABŞ-ın Qəzza əməliyyatına dəstəyindən narazı olanlar təkcə mütərəqqi insanlar deyil, indi problem daha genişdir”, deyə Nümayəndələr Palatasındakı demokratlardan biri nəşrə bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası İsraili mülki itkilərdən qaçmağa çağırmaqda davam edir. Bayden bu yaxınlarda Netanyahuya aydın bir plan olmadan Rəfaha hücum etməməyə çağırıb.

“Bununla belə, son xəbərlər amerikalıları getdikcə daha çox narahat edir”, deyə The Hill qeyd edir. ABŞ administrasiyası İsrailə 50-yə qədər F-15 döyüş təyyarəsi, 30 qabaqcıl AIM-120 orta mənzilli raketlər və idarə olunmayan bombalar verməsi isə Baydenin mövqeyinə mənfi təsir göstərir. Nəşr yazır ki, bu qərar Demokrat Partiyasının bir çox üzvlərini qəzəbləndirib.

Qeyd edək ki, seçkidə Baydenin rəqibo Donald Tramp bu yaxınlarda israilli jurnalistlərə müsahibəsində Netanyahunun müharibəni tez bitirməli olduğunu və İsrailin ictimai dəstəyi itirdiyini bildirib. Trampın bu çağırışı Netanyahunu dəstəkləyən əksər yüksək vəzifəli respublikaçılardan tamamilə fərqlidir.

Poliqon.info