Zimbabve hakimiyyəti quraqlıq səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib

Zimbabve prezidenti Emmerson Mnanqaqva “El Nino” iqlim fenomeninin yaratdığı quraqlıq səbəbindən ölkədə milli fəlakət elan edib...

Poliqon xəbər verir ki, prezident bu barədə sosial şəbəkədə paylaşımında məlumat verib. Dövlət başçısı hesab edir ki, quraqlığın nəticələrini yumşaltmaq üçün Zimbabveyə 2 milyard dollar lazımdır.

“Biz təsirə məruz qalmış icmalara kömək etmək və bu təbii fəlakətin təsirini azaltmaq üçün resursları səfərbər edirik”, deyə Mnanqaqvanın sosial media səhifəsində yerləşdirilən mesajda deyilir.

Emmerson Mnanqaqvanın sözlərinə görə, ekvatorial Sakit Okeanda səth temperaturlarının dəyişməsi ilə əlaqədar “El Nino” Zimbabvedə ağır qida vəziyyətinə səbəb olub. Prezident vurğulayıb ki, heç bir zimbabveli aclıqdan ölməməlidir. Səlahiyyətlilərin hesablamalarına görə, 2024-cü ildə ölkədə 2,7 milyon insan ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının hesablamalarına görə, 2023-cü il tarixdə ən isti il olub. Ötən il ərzində qlobal orta temperatur sənayedən əvvəlki səviyyələri 1,48°C keçib. BMT-nin məlumatına görə, 2024-cü ilin yanvar və fevral aylarında yağıntılar son 40 ilin ən aşağısı olub.

Poliqon.info