Taker Karlson: Zelenski müsahibə üçün sorğularıma məhəl qoymadı...

Amerikalı jurnalist Taker Karlson bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski onun müsahibə təkliflərinə heç vaxt cavab verməyib...

Poliqon xəbər verir ki, Amerikalı jurnalist Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra fevralda Zelenskidən müsahibə götürmək planlarından danışıb.

Taker Karlson X sosial şəbəkəsindəki səhifəsində amerikalı konqresmen Marjorie Taylor Greene ilə video yayımlayıb və həmin videoda Ukrayna prezidentindən bir neçə dəfə müsahibə xahiş etdiyini bildirib.

“Biz Zelenskinin özünə müsahibə üçün çoxsaylı sorğular göndərdik ki, o, mövqeyini izah edə bilsin. Amma o, bu sorğulara məhəl qoymadı”, deyə Karlson bildirib.

Xatırladaq ki, Taker Karlsonun Vladimir Putinlə 2 saat 7 dəqiqəlik müsahibəsi fevralın 9-da dərc olunub. Söhbət Rusiya ilə ABŞ arasında münasibətlərə, Ukrayna münaqişəsinə, eləcə də Rusiya tərəfi ilə NATO arasındakı əlaqələrə həsr olunub. Kreml danışıqlar zamanı verilən 60 sualın razılaşdırılmadığını iddia edib.

Poliqon.info