ABŞ iki həftə əvvəl Rusiyaya “Krokus”da terror təhlükəsi barədə xəbərdarlıq edib

Martın 22-də “Crocus City Hall”a hücumdan iki həftədən çox əvvəl ABŞ Rusiyaya məlumat ötürüb ki, konsert zalı terrorçuların potensial hədəfinə çevrilə bilər...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

WP-nin mənbələri iddia edirlər ki, Vaşinqton Moskvaya gözlənilən hücumla bağlı məlumatı ABŞ-ın Rusiyadakı səfirliyi paytaxtda mümkün terror aktı təhlükəsi barədə mesaj dərc etməzdən bir gün əvvəl verib. Xəbərdarlıq martın 8-nə keçən gecə səfirliyin saytında dərc edilib və bu xəbərdarlıqda konsert zamanı terror aktının baş verə biləcəyinə işarə edilib.

Qəzetin mənbələrindən birinin məlumatına görə, ABŞ Moskvadakı sinaqoqa mümkün hücumla bağlı Rusiya hakimiyyətinə də xəbərdarlıq edib. Martın 7-də Rusiya FSB Moskva sinaqoqunda “Vilayəti Xorasan” qruplaşmasının silahlıları tərəfindən hazırlanmış terror aktının qarşısının alınması barədə məlumat yayıb.

Qeyd edək ki, martın 22-də axşam saatlarında silahlı şəxslər Moskva yaxınlığındakı “Crocus City Hall” binasına basqın ediblər. Onlar mərkəzə gələnlərə atəş açıb və binanı yandırıblar. Terror aktı nəticəsində 144 nəfər ölüb, 551 nəfər yaralanıb.

Martın 26-da FTX-nin direktoru Aleksandr Bortnikov təsdiqləyib ki, Rusiya ABŞ-dan terror aktının hazırlanması barədə məlumat alıb, lakin FTX direktoru qeyd edib ki, bu məlumat “ümumi xarakter daşıyıb”. Aprelin 2-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də bəyan edib ki, ABŞ-ın verdiyi məlumat ümumi xarakter daşıyır və “Krokus”da terror aktının bütün iştirakçılarının kimliyini müəyyən etməyə imkan verməyib.

Poliqon.info