Polşada Ukrayna ilə sərhəddə keçid məntəqəsinin bloklanması bərpa edilib

Ukrayna Sərhəd Xidməti: Polşalı fermerlər sərhəddəki keçid məntəqələrini yenidən blokadaya alıblar...

Polşa-Ukrayna sərhədində etiraz aksiyası keçirən fermerlər Dolqobıçev-Uqrinov keçid məntəqəsinin blokadasını bərpa ediblər.

Poliqon xəbər verir ki, bu barədə Ukrayna sərhəd xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

Rəsmi bildirib ki, bloklama bu gün səhər bərpa edilib. Fermerlərin tətbiq etdiyi qrafikə əsasən, Polşadan gələn yük maşınları altı saatda üç, Ukraynadan isə gündə bir ədəd olmaqla sərhədi keçəcək. Minik avtomobilləri və avtobuslar müəyyən edilmiş qaydada buraxılacaq.

Ukrayna mətbuatının yazdığına görə, aprelin 2-də səhər saatlarında Uqrinov, Yaqodin və Rava-Russkaya keçid məntəqələri yük maşınlarının keçməsi üçün bağlanıb.

Xatırladaq ki, Dolqobıçevlə Uqrinov arasındakı blok martın 28-də qaldırılıb. Nəzarət-keçid məntəqəsi adi rejimdə fəaliyyət göstərərək yük daşımalarının maneəsiz keçməsinə şərait yaradıb.

Martın 28-də Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina bildirib ki, bu gün Kiyev Polşa-Ukrayna sərhədinin açılması məsələsində Varşava ilə dialoq aparmır.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk etiraf etmişdi ki, o, “ukraynalı dostlarla sərt davranmaq” zərurətindən kədərlənir.

Poliqon.info