Meksikada şəhər merliyinə namizəd mitinq zamanı güllələnib

Meksikanın Quanaxuato ştatının Selaya bələdiyyəsinin merliyinə namizəd Berta Gisela Qaytan güllələnib...

Poliqon xəbər verir ki, bu barədə Meksikanın “El Periodico” qəzeti hadisə yerindən çəkilmiş videoya istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Qaytanın mənsub olduğu “Milli Dirçəliş Hərəkatı” partiyasının mitinqi zamanı baş verib. Naməlum şəxs 7 atəş açaraq siyasətçini öldürüb, daha 3 nəfəri yaralayıb.

Atəş açan şəxsin kimliyi hələlik məlum deyil. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Xatırladaq ki, bundan əvvəl oxşar hadisə Meksikanın Miçoakan ştatında baş vermişdi. Orada Maravatio şəhərinin meri vəzifəsinə iki namizəd bir neçə saat ərzində öldürülüb. Mühafizəkar “Milli Fəaliyyət” Partiyasından (PAN) Armando Peres və hakim solçu Morena partiyasından Migel Anxel Reyes fevralın 28-də şəxsi avtomobillərində güllə yaralarından ölü tapılıb.

Meksika prezidenti Andrés Manuel López Obrador qətli “təəssüfləndirici” adlandırıb.

Təhlilçilər bildirirlər ki, siyasi zorakılıq adətən Meksikada seçki mövsümündə üzə çıxır, lakin bu il Obradorun altı illik vəzifəsində ən şiddətlisi kimi görünür.

Poliqon.info