ABŞ İsraili döyüş təyyarələri və raketlərlə təmin edəcək

ABŞ hakimiyyəti İsrailə 18 milyard dollardan çox qiymətə F-15 qırıcı təyyarələrinin satışını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Telekanal xəbər verir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin adı açıqlanmayan üzvü administrasiyanın artıq qeyri-rəsmi olaraq konqresin müvafiq panellərini yaxınlaşan satışla bağlı xəbərdar etdiyini bildirib.

Qeyd edilir ki, ümumilikdə İsrail 50-yə qədər yeni F-15 döyüş təyyarəsi, qabaqcıl AIM-120 orta mənzilli hava-hava raketləri və sursat paketləri ala biləcək. Politico qəzeti iddia edir ki, Konqresə fevral ayında qırıcı təyyarələrlə bağlı gözlənilən razılaşma barədə məlumat verilib, lakin “silahların İsrailə göndərilməsi üçün illər çəkəcək”.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən İsrail ilə Fələstinin Həmas hərəkatı arasında müharibə davam edir.

2024-cü ilin fevralında Haaqa Apellyasiya Məhkəməsi Hollandiyadan F-35 qırıcıları üçün hissələrin Təl-Əvivə ixracını dayandırmasını tələb edib. Məhkəmə ixrac edilən hissələrin “beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması üçün istifadə olunacağı” riskinin olduğunu bildirib.

Poliqon.info