İsrailin İran səfirliyinə hücumu bu gün BMT-də müzakirə olunacaq

İsrailin İranın Suriyadakı konsulluğuna hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası aprelin 2-də keçiriləcək...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski Telegram kanalında da bildirib. Diplomat yazır ki, aprelin 2-də Moskva vaxtı ilə saat 22:00-da İranın Suriyadakı konsulluğuna endirilən hava hücumuna həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu toplantının keçirilməsi üçün İrandan başqa Rusiya da müraciət edib.

Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İranın Dəməşqdəki konsulluğuna hücum edildiyi məlum olub. Hücum nəticəsində bina tamamilə dağılıb. Zərbə zamanı iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti ölüb. The New York Times qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Bundan sonra İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, onu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb.

Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır. İran Xarici İşlər Nazirliyi zərbəyə görə ABŞ-ı ittiham edib, çünki onlar “sionist rejim”in tərəfdarlarıdır.

Poliqon.info