Ukrayna kəşfiyyatı: Moskva Avropa və ABŞ-la qarşıdurmaya fəal şəkildə hazırlaşır

Rusiyada prezident seçkilərindən sonra Moskva Avropa ilə qarşıdurmaya fəal şəkildə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski Apostrof TV-də bildirib.

Skibitskinin sözlərinə görə, Rusiya Federasiyasının Ukrayna ilə bağlı planları və strategiyası dəyişməz qalıb - söhbət ilk növbədə Donetsk və Luqansk vilayətlərinin tam işğalından gedir.

"Biz bunu Rusiya Federasiyasının həyata keçirdiyi aktiv hücum aksiyalarından görə bilərik", deyə Vadim Skibitski bildirib.

Kəşfiyyat proqnozlaşdırır ki, martda keçirilən seçkilərdən sonra Putin bütün diqqətini aqressiv siyasətini davam etdirməyə yönəldəcək.

"O, hakimiyyətin birbaşa ələ keçirilməsinin növbəti mərhələsini keçib və indi Ukrayna və ondan kənarda onun qarşısında duran vəzifələri həll edəcək. Bütövlükdə Avropa ilə, NATO ilə, ABŞ-la mümkün qarşıdurmaya belə fəal hazırlıq - bu, artıq bəyanatlar səviyyəsində başlayıb. İndi bütün səylər buna yönəldiləcək", deyə Vadim Skibitski bildirib.

Poliqon.info