Abdullahiyan: Üçüncü ölkələrin Xəzərdə hərbi mövcudluğu regionun maraqlarına ziddir...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səylərini regionun maraqlarına zidd adlandırıb...

Poliqon xəbər verir ki, Əmir Abdullahiyan bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayımlanan bəyanatda deyilir:

“Əmir Abdullahyan bəzi üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunun təmin edilməsi üzrə hərəkətlərini regionun maraqlarına zidd adlandırıb”.

İran Xarici İşlər Nazirliyinin rəhbəri üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Qeyd edək ki, bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.

Xatırladaq ki, İran diplomatiyasının rəhbəri martın 28-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovla danışıqlar aparıb.

“Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və biz onun gələcəkdə sürətli artımını gözləyirik”, deyə nazir görüşdən sonra jurnalistlərə deyib.

Əmir Abdullahiyan əlavə edib ki, İran prezidenti İbrahim Rəisi gələcəkdə Aşqabada rəsmi səfər edəcək.

Poliqon.info