Slovakiya prezidenti Fiko hökumətinin anti-Ukrayna mövqeyini şərh edib    

Digər ölkələrin Ukraynanın Rusiya təcavüzünə müqaviməti fonunda ona dəstək verməsi düzgün və ədalətli qərar idi. Amma Slovakiyanın indiki hökumətinin yəqin ki, fərqli baxışı var...  

Poliqon xəbər verir ki, bunu Slovakiya prezidenti Zuzanna Çaputova Praqada keçirdiyi brifinqdə deyib.

"Avropanın bir çox ölkələri Ukraynanı dəstəkləmək qərarına gəlib ki, o, danışıqlar masasına daha güclü otursun, daha legitim mövqe qazansın - bu, tamamilə ədalətli və düzgündür. Slovakiyanın əvvəlki hökumətlərinin də mövqeyi buna əsaslanırdı. Lakin deyəsən indiki hökumətin fərqli baxışı var", deyə Çaputova bildirib.

Prezident əlavə edib ki, çox güman Çexiya məhz Slovakiya hökuməti üzvlərinin son bəyanatlarına görə Slovakiya ilə hökumətlərarası məsləhətləşmələri dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Robert Fikonun hakimiyyətə gəlişi ilə iki ən yaxın qonşu - Slovakiya və Çexiya arasında münasibətlər, ilk növbədə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı fərqli mövqelərə görə əhəmiyyətli dərəcədə pisləşib. İş o yerə çatıb ki, Praqa hökumətlərarası məsləhətləşmələri ləğv edib.

Poliqon.info