Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Keçmiş nazir: Hindistandan gələn silahlar artıq bir ildir Ermənistanda yararsız vəziyyətdədir...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “168 jam” qəzetinə müsahibəsində bildirib.

Keçmiş nazir iddia edir ki, o, Ermənistana gətirilən Hindistan silahlarının vəziyyəti barədə sənədlərə sahibdir və həmin silahlar əslində yararsız vəziyyətdədir.

Ermənistan nəşrinə verdiyi müsahibədə Karapetyan hakimiyyətin hərbi-texniki sahədə yürütdüyü siyasəti tənqid edərək, deyib ki, onun əlində Ermənistanın Hindistandan aldığı silahların bir ildir ki, təmir edilə bilmədiyi barədə yazılı məlumat var:

“Mən əlimdə olan sənədə görə Hindistan silahlarını artıq bir ildir ki, Ermənistanda təmir edə, həmçinin texniki xidmət göstərə bilmir”, deyə sabiq nazir vurğulayıb.

Karapetyan qeyd edib ki, Rusiya istehsalı olan bir sıra silahlara, məsələn, “İskəndər” və ya Su-30SM qırıcılarına texniki qulluqda da çətinliklər olub.

“Amma Rusiyadan alınan silahların saxlanılması üçün Ermənistan heç də həmişə öz büdcəsindən pul ödəmirdi. Çox vaxt bu vəzifəni rusiyalı mütəxəssislər öz üzərinə götürürdülər. Bundan əlavə, Rusiya ilə bu sahədə münasibətlər tamam başqa keyfiyyət və səviyyədə idi”, deyə sabiq nazir vurğulayıb.

Karapetyan həmçinin Rusiyanın Ermənistana pulsuz olaraq nə qədər silah və texnika verdiyini unutmamağa çağırıb.

“Ermənistan yalnız fabrikdən birbaşa tədarük olunan məhsulları alırdı. Digər hallarda, Rusiya öz arsenallarından Ermənistana silah köçürdü. Amma indiki hökumət, bütün bunlardan imtina edərək, başqa mənbələrə və başqa tədarüklərə üstünlük verir, çox vaxt daha bahalı və səmərəsiz silahlar alır”, deyə sabiq nazir qeyd edib.

Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə müqavilələri bağlayıb. Müqavilələr çərçivəsində haubitsalar, MLRS sistemləri, döyüş sursatları və s. Ermənistana tədarük edilib və ya tədarükü planlaşdırılır.

Poliqon.info