Ukrayna "Qazprom"la müqaviləni yeniləməyəcək

Ukrayna 2024-cü il dekabrın 31-dən sonra "Qazprom"la qaz tranziti müqaviləsini uzatmağı planlaşdırmır...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna energetika naziri rəhbəri German Qaluşenko açıqlama verib.

Nazir belə planların olduğunu təsdiqləyib. Qaluşenko "Qazprom"la müqavilələrdən yan keçməklə Rusiya qazının nəqlinin davam etdirilməsi imkanının olub-olmamasına aydınlıq gətirməyib. Lakin Avropa İttifaqının Rusiya qazından imtina etmək planlarını qeyd edib.

Qaluşenko bundan əvvəl bəyan etmişdi ki, Ukrayna Rusiya ilə təbii qazın Avropa ölkələrinə tranzitinə dair mövcud müqaviləni 2024-cü ilin sonunda başa çatdıqdan sonra uzatmaq niyyətində deyil.

O, Kiyevin davam edən hərbi münaqişə səbəbindən Moskva ilə bu məsələdə növbəti danışıqlardan imtina etdiyini izah edib.

Eyni zamanda nazir etiraf edib ki, Avropa İttifaqı və ayrı-ayrı Avropa şirkətləri nəzəri cəhətdən Rusiyadan qaz idxalını davam etdirmək üçün Ukraynada tranzit imkanlarını ehtiyatda saxlaya bilər. Lakin bununla bağlı hələlik konkret müraciətlər daxil olmayıb.

Nazir əlavə edib ki, Rusiya Federasiyasından yanacağın tədarükü tamamilə dayandırılarsa, Avstriya mümkün qaz çatışmazlığından narahat olmamalıdır. Qaluşenko Rusiyasız həll yolunun olacağına əminliyini ifadə edib.

Poliqon.info