Tramp: Avropa ölkələri Amerika ilə bərabər əsasda Ukraynaya yardım ayırmalıdır

Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər pul ayırmalıdır, əks halda bu, amerikalı vergi ödəyicilərinə qarşı ədalətsizlikdir...

Poliqon xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Avropa Ukraynaya bizdən təxminən 100 milyard dollar az xərcləyib. Hesab edirəm ki, bu, Amerikaya qarşı çox ədalətsizlikdir. Bu, ABŞ-ın vergi ödəyicilərinə qarşı çox ədalətsizlikdir”, deyə Tramp çərşənbə günü “Newsmax” portalına müsahibəsində bildirib. Sabiq prezident jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə ayrılan vəsaiti azaldıb-azalmayacağı ilə bağlı sualını belə şərh edib.

“Avropa ölkələri birləşərək eyni məbləği ödəməlidir”, deyə Tramp əlavə edib və Ukraynadakı vəziyyətin onların təhlükəsizliyi üçün daha vacib olduğunu vurğulayıb.

Martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.

Poliqon.info