Venesuelada Maduroya sui-qəsddə şübhəli bilinən iki nəfər saxlanılıb

Venesuelanın Maturin şəhərində polis iki vətəndaşı prezident Nikolas Maduroya sui-qəsd hazırlamaqda ittiham edərək saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib. Baş prokurorun müraciətini yerli Teletica nəşri yayıb. Nəşrin məlumatına görə, saxlanılanlar Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalif “Case R” təşkilatının üzvü Vilfer Xose Pinadır.

Teletica-nın məlumatına görə, məhbuslar öz WhatsApp statuslarında Nikolas Maduroya qarşı təhdidlər dərc ediblər. Onların həbsi zamanı telefonlarında tankların ələ keçirilməsi və dövlət çevrilişinin təşkili üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkar edilib.

“Prensa Latina” nəşri yazıb ki, şübhəlilər martın 11-də Maturində saxlanılıb. Həmin gün Venesuela prezidenti də şəhərdə olub. Bundan əlavə, saxlanılanlar “Monaqas üçün birlikdə” siyasi təşkilatının üzvləri olub.

Teletica qeyd edir ki, 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər Venesuelada Nikolas Maduroya qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib. Onların arasında hüquq müdafiəçisi Rosio San Migel, eləcə də müxalifət namizədi Mariya Korina Maçadonun seçki qərargahının dörd əməkdaşı var.

Poliqon.info