HƏMAS ABŞ-ın təklif etdiyi atəşkəs planı ilə razılaşıb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında ABŞ-ın təklif etdiyi atəşkəs planı ilə razılaşıb...

Poliqon xəbər verir ki, bu barədə Al Arabiya telekanalı hərəkatdakı mənbəyə istinadən məlumat yayıb. Telekanal xəbər verir ki, yaxın günlərdə HƏMAS nümayəndələri atəşkəsin yekun detallarını müzakirə etmək üçün Qahirəyə səfər edəcəklər.

Telekanalın mənbəsinin sözlərinə görə, HƏMAS atəşkəs naminə əsir götürülən girovların bir qismini: uşaqları, qadınları və qocaları azad etməli olacaq. ABŞ-ın təşəbbüsü, həmçinin məcburi köçkün fələstinlilərin Qəzza zolağına tədricən qayıtmasını nəzərdə tutur. Hələlik HƏMAS-dan rəsmi şərh verilməyib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Al Arabiya-ya bildirib ki, İsrail və HƏMAS hərbi əməliyyatları dayandırmaq və girovları azad etmək üçün hələlik razılaşmaya yaxın deyillər. Onun sözlərinə görə, danışıqlarçılar Ramazan ayının sonuna qədər razılıq əldə etməyə ümid edirlər.

Martın 3-dən 7-dək Qahirədə keçirilən son danışıqlarda HƏMAS və İsrail razılığa gələ bilməyib. Daha sonra Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Qazi Həməd danışıqları qeyri-ciddi adlandırıb. Onun sözlərinə görə. İsrail dialoqa hazır olsa da, hərəkatın tələblərini yerinə yetirməkdən imtina edir.

Poliqon.info