Yol polisi bu avtomobillərin sürücülərini cərimələyir - Video

Yol polisi Rusiya istehsalı olan bəzi avtomobillərin arxa yayının aşağı olması səbəbindən cərimələr tətbiq edir...

Maraqlısı burasındadır ki, sürücü heç bir müdaxilə etməsə də, bu, qanun pozuntusu sayılır. Əslində isə avtomobilin üzərində olan  elə istehsalçı zavodun müəyyən etdiyi yaylardır. 

Poliqon Xəzər TV-yə istinadən bildirir ki, son günlər Rusiya istehsalı olan avtomobil idarə edən bəzi sürücülər belə bir problemlə qarşılaşırlar. Avtomobilin arxa yaylarına heç bir müdaxilə olmasa da, bu sürücülər saxlanılır və avtomobilə konstruksiya dəyişikliyi edildiyi deyilir.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, yol polisinin konstruksiya dəyişikliyi kimi qeydə aldığı avtomobilləri yoxladıqda məlum olur ki, əslində heç bir dəyişiklik yoxdur.

Sahil Ağabəyli bildirir ki, avtomobillərin arxa hissəsinin aşağı olmasının səbəbi yayların keyfiyyətsizliyidir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edir ki, avtomobillərin yaylarının ölçüləri ilə bağlı konkret standart yoxdur. Sürücüyə buna görə cərimə yazıla bilməz.

Ərşad Hüseynovun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 83-cü maddəsinə əsasən, nəqliyyat vasitəsində hər hansı texniki nasazlığın olması yalnız xüsusi texniki vasitələrlə müəyyən edilməlidir. Qanunvericiliyə əsasən, xüsusi texniki vasitələrlə yoxlama aparılmadan heç bir sürücüyə cərimə tətbiq edilə bilməz.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info