Tramp Orbana deyib ki, Kiyevə “müharibə aparmaq üçün” pul verməyəcək

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə ikinci dəfə dövlət başçısı seçilərsə Ukraynaya pul ayırmayacağını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı danışıb. Onun sözlərinə görə, respublikaçının Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün planı var.

“Əgər Donald Tramp yenidən prezident olarsa, o, avropalıların təhlükəsizliyini maliyyələşdirmək istəməyəcək və ABŞ-ın müharibə aparmaq üçün Ukraynaya pul ayırmasını dəstəkləməyəcək”, deyə Orban M1 TV-yə müsahibəsində bildirib.

Macarıstanın Baş nazirinin sözlərinə görə, Trampın “bu müharibəni necə bitirmək barədə kifayət qədər ətraflı planları var”. Orban da Tramp kimi bu planın təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Viktor Orban ötən həftənin əvvəlində Floridada Mar-a-Laqo malikanəsində Donald Trampla görüşüb. Danışıqların mövzuları Rusiya-Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər olub.

Donald Tramp ABŞ prezident seçkilərində iknci dəfə iştirak etmək niyyətindədir. O, Respublikaçılar Partiyasının praymerizində yeganə iştirakçıdır. Gözlənilir ki, Co Bayden yenidən Demokratlar Partiyasından ona rəqib olacaq.

Poliqon.info