Politoloq: Hər gün keçdikcə İsrail-HƏMAS müharibəsinin qlobal müharibəyə çevrilmə ehtimalı artır...

İsrail HƏMAS-la danışıqları dayandırıb və buna görə HƏMAS-ı ittiham edib...

Politoloq: “Bir şey aydındır ki, Ramazan ayı boyunca atəşkəsdən imtina etmək olduqca təhlükəli əməldir. Bu həm İsrailə, həm də HƏMAS-a aiddir”.

“İsrailin Ramazan ayında müharibəni dayandırmaq jestini etməsi hələ gec deyil. Ola bilsin ki, qarşıdakı günlərdə həm İsrail, həm də HƏMAS bunun məsuliyyətini dərk edəcəklər”.

Bu sözləri politoloq Zaur İbrahimli İsraillə HƏMAS-ın danışıqları dayandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən İsrail HƏMAS-la danışıqları dayandırıb və buna görə HƏMAS-ı ittiham edib. Dünəndən başlayaraq İsrail aviasiyası Qəzza şəhərlərini intensiv bombardman etməyə başlayıb. İsrailin və bir çox liderlərin Ramazan ayı boyunca atəşkəs əldə etməklə bağlı ümidləri isə artıq yoxdur. Yəni müharibənin bütün Ramazan ayı boyunca davam etməsi gözlənilir.

Bu arada ABŞ aktiv şəkildə istər İsrailə, istərsə Misir və Qətər vasitəsi ilə HƏMAS-a təzyiqlər göstərərək atəşkəs əldə etməyə çalışır. ABŞ-ın vitse-prezidenti Kamala Harris İsraili Qəzzada ağır humanitar yardıma görə ittiham edərək anklava humanitar yardınların çatdırılmasını artırmağa çağırıb.

Bu durumda Yaxın Şərqdə yaranmış ümumi vəziyyəti necə dəyərləndirmək olar və İsrailin beynəlxalq dəstəyi itirməsi fonunda İsrail-HƏMAS müharibəsinin daha geniş regional müharibəyə çevrilə bilməsinə ehtimal vermək olar?

İsrail-HƏMAS müharibəsinin bundan sonrakı mümkün mərhələsini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İsrail ramazan ayı ərəfəsində güclü tərəf kimi jest edə bilər və barış əlini uzada bilərdi. İsrailin bu jestinə görə müsəlman aləmində onlara qarşı olan münasibət yumşala bilərdi”.

Artıq Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və o cümlədən, ABŞ və Avropa İttifaqının da diplomatik təşəbbüslərə başladığını qeyd edən politoloq bildirib ki, hələlik vaxt var və Ramazan ayında atəşkəs əldə oluna bilər:

“Çox təəssüf ki, HƏMAS-la İsrail arasında atəşkəs razılaşması əldə oluna bilmədi. Real olaraq əslində əvvəldən tərəflər Ramazan ayıyla əlaqədar ABŞ-ın səyləri ilə müəyyən razılaşma əldə etmişdilər. Xüsusilə, Misirin rolu burada qeyd olunmalıdır. Misir bəyan etmişdi ki, İsrail danışıqlar masasından qalxsa, onlar ümumiyyətlə, sülh danışıqlarında iştirakını dayandıracaq. İsrailə təzyiqlərdən sonra bu danışıqlar baş tutdu və atəşkəs barədə razılıq əldə olundu. Lakin sonradan HƏMAS-ın danışıqları dayandırması barədə məlumat səsləndi. Müxtəlif mənbələrdən tərəflərin mövqeləri ilə bağlı fikirlər səsləndirilir. Bizim bu iddiaların hansının doğru, hansının yalan olduğunu qiymətləndirməyə imkanımız yoxdur.

Bir şey aydındır ki, Ramazan ayı boyunca atəşkəsdən imtina etmək olduqca təhlükəli əməldir. Bu həm İsrailə, həm də HƏMAS-a aiddir. Çünki Ramazan ayı müsəlman aləminin müqəddəs ayıdır və bu ay sülh, barış ayıdır. İsrail fasilə götürüb kəşfiyyat və sair əməliyyatları apara bilərdi. İsrailin imkanları yetərlidir ki, bu müddətdə HƏMAS-ın hərbi potensialının bərpa olunmasına imkan verməsin. Qısa müddətdə HƏMAS-ın hərbi potensialı bərpa edəcəyi də ağlabatan görünmür. İsrail güclü tərəf kimi jest edə bilər və barış əlini uzada bilərdi. İsrailin bu jestinə görə müsəlman aləmində onlara qarşı olan münasibət yumşala bilərdi. Təssüf ki, bu baş vermədi və artıq ölən fələstinlilərin sayı 30 mini keçib. Bu da olduqca ürəkdağlayan mənzərədir.

Hər gün keçdikcə bu müharibənin İsrail-HƏMAS müharibəsindən çıxıb bütün müsəlman aləminin qoşulduğu bir konfliktə çevrilməsi ehtimalı artır. Artıq müsəlman ölkələrində ictimai rəy o qənaətə gəlir ki, sülh danışıqları ilə bu qırğına son qoymaq mümkün olmayacaq. Burada İsrailin nə qədər haqlı, nə qədər haqsız olduğu ön plana gəlmir, ön plana qırılan dinc Fələstin əhalisi gəlir.

Zaur İbrahimli: “İsrailin imkanları yetərlidir ki, bu müddətdə HƏMAS-ın hərbi potensialının bərpa olunmasına imkan verməsin”.

İsrail nəzərə almalıdır ki, coğrafiyada müsəlman aləmi ilə birgə yaşamağa məhkumdur və Ramazan ayında bu cür hücumların davam etməsi, əlbəttə,yaxşı heç nə vəd etmir. Bu həm də tarixin qırılma nöqtəsinə, nifrət notları ilə yazılmasına gətirib çıxarır. Bu da gələcək nəsilləri məhz nifrət ruhuna kökləyəcək. Bu da əlbəttə, arzuolunmazdır. Bu o deməkdir ki, artıq sülh sazişləri formal xarakter daşıyacaq, hətta müvəqqəti tədbir kimi effekt verə biləcək.

Amma İsrailin Ramazan ayında müharibəni dayandırmaq jestini etməsi hələ gec deyil. Ola bilsin ki, qarşıdakı günlərdə həm İsrail, həm də HƏMAS bunun məsuliyyətini dərk edəcəklər. Əminəm ki, artıq Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və o cümlədən, ABŞ və Avropa İttifaqı da diplomatik təşəbbüslərə başlayacaq. Rusiya da bu istiqamətdə çalışır. Hələlik vaxt var və Ramazan ayında atəşkəs əldə oluna bilər. Bu atəşkəsdən isə artıq sülh quruculuğu üçün istifadə etmək olar. Əks halda, indi baş verənlər gələcəyi də zəhərləyəcək və hər hansı tərəfin qələbəsi yalnız müvəqqəti qələbə olacaq. Ən azı Ramazan ayının verdiyi fürsətdən istifadə edib ziyanın yarısından da qayıtmaq məqbul olardı”.

Nərminə UMUDLU Poliqon.info