Politoloq: Rusiya ordusunun Ermənistandan çıxması bu ölkədə vətəndaş müharibəsi üçün qapı açacaq...

Ermənistanın Baş naziri bildirib ki, Rusiya sərhədçilərinin Qafan rayonunun Nerkin-And sərhəd postuna nəzarət etmələri üçün mandatları yoxdur...

Politoloq: “Rusiyanın Ermənistandakı hərbi varlığının bitməsi onun təkcə regional deyil, geosiyasi maraqlarına ciddi zərbədir”.

“Böyük ehtimalla 102-ci hərbi baza başda olmaqla Rusiya hərbiçiləri silahları onlara sadiq qüvvələrə, yəni erməni müxalifətinə və Ermənistan ordusu daxilindəki 5-ci kolona təhvil verib gedəcəklər. Bu həm də Ermənistanda vətəndaş müharibəsi riskini artırır”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistandan Rusiya ordusunun çıxarılması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Qafan rayonunun Nerkin-And sərhəd postuna nəzarət etmələri üçün mandatları yoxdur və Rusiya sərhədçilərinin Aİ missiyasını bu bölgəyə buraxmamsı qanunsuz olmaqla yanaşı, Ermənistanın suverenliyini pozur. Qeyd edək ki, son zamanlar Ermənistan ən yüksək səviyyədə Rusiya sərhədçilərinin Ermənistandakı mövcudluğunu qanunsuz və mandatsız fəaliyyət göstərir.

Son vəziyyətə görə Rusiya sərhəd qoşunlarının Ermənistandakı mövcud durumunu necə dəyərləndirmək olar və Rusiya yaxın zamanlarda Ermənistan sərhədlərini müdafiəsindən kənarlaşdırıla bilər? Bu durumda Ermənistanın təhlükəsizliyi ilə bağlı hər hansı problemlər ortaya çıxa bilərmi?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Əgər Paşinyanın nüfuzunun artması bu qədər surətlə davam edərsə və anti-Rusiya təbliğatı güclənərsə, mümkündür ki, yaxın prespektivdə Rusiya qoşunları Ermənistanı tərk etsin”.

Paşinyanın belə rahatlıqla Rusiya hərbiçilərini ölkədən çıxara bilməyəcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, bu ölkədə ciddi qarşıdurmalara gətirib çıxara bilər:

“Rusiyanın Ermənistandakı hərbi varlığının bitməsi onun təkcə regional deyil, geosiyasi maraqlarına ciddi zərbədir. Amma vəziyyət onu göstərir ki, əgər Paşinyanın nüfuzunun artması bu qədər surətlə davam edərsə və anti-Rusiya təbliğatı güclənərsə, mümkündür ki, yaxın prespektivdə Rusiya qoşunları Ermənistanı tərk etsin.

Burada məsələ Rusiyanın tərketməni necə etməsindən asılıdır. Böyük ehtimalla 102-ci hərbi baza başda olmaqla Rusiya hərbiçiləri silahları onlara sadiq qüvvələrə, yəni erməni müxalifətinə və Ermənistan ordusu daxilindəki 5-ci kolona təhvil verib gedəcəklər. Bu həm də Ermənistanda vətəndaş müharibəsi riskini artırır. Yəni Paşinyan belə rahatlıqla Rusiya hərbiçilərini ölkədən çıxara bilməyəcək. Onun bu addımları Ermənistanda ciddi qarşıdurmalara gətirib çıxara bilər və deyim ki, Rusiya ordusunun Ermənistandan çıxması bu ölkədə vətəndaş müharibəsi üçün qapı açacaq”.

Nərminə UMUDLU Poliqon.info