FT mənbəsi: Qərb xüsusi təyinatlıları Ukraynadadır...

Ukraynada rəsmi olaraq kimliyi açıqlanmayan Qərb ölkələrinin xüsusi təyinatlıları var...

Poliqon xəbər veriri ki, bu barədə Avropanın yüksək rütbəli müdafiə rəsmisi “Financial Times” qəzetinə bildirib. Mənbə Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyən Fransa prezidenti Emmanuel Makronun sözlərini belə şərh edib.

“Hər kəs bilir ki, Ukraynada Qərbin xüsusi təyinatlı qüvvələri var. Lakin onlar bunu sadəcə olaraq rəsmən elan etməyiblər”, deyə FT mənbəsi bildirib. Bu arada NATO sözçüsü qəzetə bildirib ki, alyansın Ukrayna ərazisinə qoşun yerləşdirmək planı yoxdur.

Xatırladaq ki, fevralın 26-da keçirilən mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri arasında Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Fransa müdafiə naziri Sebasian Lecornu daha sonra izah edib ki, Avropa liderləri Ukraynaya yardımın müxtəlif variantlarını müzakirə ediblər.

Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan və Böyük Britaniya, eləcə də ABŞ öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətində olmadıqlarını bəyan ediblər. NATO-nun Baş katibi Yens Stoltenberq də belə bir ehtimalı istisna edib.

AFP mənbəyə istinadən xəbər verib ki, Aİ bir neçə həftədir ki, Ukraynaya mümkün qoşun göndərilməsi planını müzakirə edir.

Rusiya hakimiyyəti bəyan edib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi Rusiya ilə NATO arasında birbaşa münaqişəyə gətirib çıxaracaq.

Poliqon.info