Xərçəng xəstəliyindən əziyyət çəkən Kral III Çarlz kömək üçün pravoslav rahibə müraciət edib

Britaniya kralı III Çarlz kömək üçün Athos dağındakı Vatopedi monastırının abbatı, arximandrit Efraimə müraciət edib...

Poliqon xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Çarlz 1997-ci ildən bu pravoslav rahiblə yaxınlaşıb və o vaxtdan bəri onun məsləhətlərini dinləyir. Kralın xərçəng xəstəliyinə tutulması məlum olanda onlar gizli əlaqəni yaenidən bərpa ediblər.

“Bəli, ona diaqnoz qoyulandan bəri əlaqə saxlayırıq və inanıram ki, o, xəstəliyə qalib gələ biləcək. Bizim çox yaxşı anlaşmamız var” deyə Arximandrit Efraim nəşrə bildirib.

Qeyd edilir ki, keçmişdə III Çarlz dəfələrlə Athos dağındakı pravoslav monastırlarını ziyarət edib. Çarlzın xahişi ilə Yunanıstanda anadan olmuş mərhum atasının xatirəsinə ehtiram olaraq tacqoyma mərasimində pravoslav mahnıları səsləndirilib.

Qeyd edək ki, fevralın 5-də məlum olub ki, III Çarlza xərçəng diaqnozu qoyulub. Bukingem Sarayının məlumatına görə, xəstəlik 75 yaşlı monarxda prostat vəzinin böyüməsi ilə bağlı müalicə prosedurları zamanı aşkar edilib.

Poliqon.info