200 illik bitərəflik bitir: Bu, Rusiyanın xoşuna gəlməyəcək...

İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Stokholmun NATO-ya qoşulması Rusiyanın xoşuna getməyəcək...

Poliqon xəbər verir ki, bu barəıdə CNN telekanalını məlumatında bildirilir.

"Əminliklə gözləyə biləcəyimiz yeganə şey İsveçin NATO-ya üzv olmasının onların xoşuna gəlməyəcəyidir. Rusiya Finlandiyanın NATO-ya üzv olmasına da eyni münasibəti bəsləmişdi", deyə Kristersson bildirib.

Baş nazirin fikrincə, Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks nəticə verib.

"İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, böyük bir addımdır və ciddi qəbul edilməlidir, eyni zamanda bizim atdığımız çox təbii bir addımdır. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq. Bu, sülh və azadlıq naminə çox uğurlu əməkdaşlıqdır", deyə İsveçin baş naziri bildirib.

Qeyd edək ki, Finlandiya və İsveç ötən il NATO-ya üzvlüklə bağlı müraciət edib. Finlandiyanın ərizəsi vaxtında bütün üzvlər tərəfindən ratifikasiya edilib. İsveçlə bağlı isə Türkiyə və Macarıstanın qərarı yubanırdı. Bir müddət əvvəl Türkiyə Böyük Milıət Məclisi Stokholmun ərizəsinə müsbət cavab verib. Ötən gün isə Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.

Bir neçə aylıq gecikmədən sonra Macarıstan Alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə olub. Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

Poliqon.info