Qazaxda Xocalı qurbanlarının xatirəsi anıldı - Fotolar

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, silsilə anım tədbirləri təşkil olunub...

Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib, gün ərzində rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, faciə qurbanlarına və şəhidlərimizə olan ehtiramlarını bildiriblər.Soyqırımı qurbanlarının, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Bakı vaxtilə saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Poliqon.info