Almaniya Ukrayna ordusu üçün Hindistandan sursat alınmasını müzakirə edir

Hindistanın bir neçə yüz min artilleriya mərmisi var və Almaniya Dehli ilə Ukraynanın ehtiyacları üçün bu mərmilərin alınmasını müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə “Spiegel” jurnalı mənbələrə istinadən yazır. Nəşrə görə danışıqlar gizli aparılır, çünki Hindistan hakimiyyəti Moskva ilə münasibətləri korlamaq istəmir.

Nəşrin yazdığına görə, Ukrayna ordusunun maraqlarına uyğun oxşar sövdələşmələr ərəb ölkələri ilə də aparılması istisna olunmur. Bəzi ərəb ölkələri də böyük mərmi ehtiyatına malikdir.

Mütəxəssislər hesab edir ki, Balkanlar və bir sıra Afrika ölkələrinin də sursat istehsal etmək imkanı var. Alman kəşfiyyat xidmətləri Ukrayna Silahlı Qüvvələrinin iyuna qədər mərmi ehtiyatlarını tükətəcəyindən ehtiyat edir.

“Təəssüf ki, artilleriya və zenit sursatları dünyada rəflərdə o qədər də geniş tapılmır”, deyə Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə vəziyyət mərkəzinin rəhbəri Kristian Freydinq vəziyyəti izah etdi. Freydinq Almaniya hökumətinin bu il Ukraynaya silah alınması üçün 7 milyard avro ayıracağına aydınlıq gətirib və qeyd edib ki, pul çatışmazlığı yoxdur.

Qeyd edək ki, ötən həftə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov ölkəyə vəd edilən silahların yarısının vaxtında çatdırılmadığını bildirib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärbok Berlində Kiyevə uzaqmənzilli raketlərin tədarükü ilə bağlı hələ də müzakirələrin aparıldığını bildirib.

Poliqon.info