Qərb Cənubi Qafqaza gələrsə, bütün qonşuları ilə əlaqələri pozulan Ermənistan üçün hər şey çox yaxşı ola bilər?..

Qərbi Cənubi Qafqaza gətirməkdə israrlı olan Paşinyan bu yolla həm də Rusiya və İrana qarşı cəbhə açaraq regionun bu iki önəmli ölkəsini Azərbaycanla ittifaqa sürükləmirmi?..

Politoloq: “Paşinyanın hakimiyyətində geniş şəkildə “sorosçular”ın təmsil edilməsi onun Avropaya meylini daha da artırır”.

“Qərbin bəzi ölkələrinin, məsələn Fransanın niyyəti sadəcə olaraq bölgədə sülhün əldə edilməməsi və münaqişənin uzun illər davam etməsidir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın Qərbi regiona gətirmək niyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Erməni analitik Tevos Arşakyan deyib ki, Azərbaycanla yeni müharibə başlasa nə Qərb Ermənistanın köməyinə gələcək, nə Rusiya onları müdafiə edəcək. Eyni zamanda Tevos Arşakyan Paşinyanın Rusiyanı Fransaya dəyişməsini riskli addım adlandırıb.

Ermənistanın bu gün oynadığı çətin və qəliz geopolitik oyunların sonunu necə proqnoz etmək olar? Qərbi Cənubi Qafqaza gətirməkdə israrlı olan Paşinyan bu yolla həm də Rusiya və İrana qarşı cəbhə açaraq regionun bu iki önəmli ölkəsini Azərbaycanla ittifaqa sürükləmirmi? Paşinyanın siyasi strategiyası ümumlikdə bu ölkəyə nə vəd edir və doğrudanmı Qərb Cənubi Qafqaza gələrsə, bütün qonşuları ilə düşmən olan Ermənistan üçün hər şey çox yaxşı ola bilər?

Ermənistanın apardığı xarici siyasətin mümkün nəticələrini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Paşinyan erməni diasporuna boyun əyməyə məcbur olur”.

Paşinyanınn Qərbi bölgəyə gətirmək cəhdinin Rusiya və İranı ondan uzaqlaşdırdığını vurğulayan politoloq Poliqon-a bildirib ki, Ermənistanda da bu bir çox ekspertin narazılığına səbəb olur:

“Qərbin bəzi ölkələrinin, məsələn Fransanın niyyəti sadəcə olaraq bölgədə sülhün əldə edilməməsi və münaqişənin uzun müddət davam etməsidir. Çünki bu onlar üçün sərfəli variantdır. Avropalı siyasətçilər Ermənistanı müdafiə etməyin müqabilində erməni diasporundan rüşvət alır. Bu qədər canfəşanlığın səbəbi budur. Paşinyan erməni diasporuna boyun əyməyə məcbur olur. Paşinyanın hakimiyyətində geniş şəkildə “sorosçular”ın təmsil edilməsi onun Avropaya meylini daha da artırır.

Avropa ölkələrinin təbii ki, Ermənistana hansısa real köməyi mümkün deyil. Nə edəcək, Fransa bölgəyə qoşun yeridəcək? Belə bir şey əlbətdə ki, mümkün deyil. Dəfələrlə Azərbaycan tərəfində bildirib ki, münaqişədə söz haqqı olmayan tərəflərin iştirakı yolverilməzdir. Fransa kimdir ki, bu məsələyə qarışsın? Bu məsələlər olsa-olsa regional müstəvidə müzakirə edilə bilər. Ancaq təbii ki, qərarı Azərbaycan və Ermənistan verməlidir.

Ermənistanın Qərbi bölgəyə gətirmək cəhdi Rusiya və İranı ondan uzaqlaşdırır. Ermənistanda da bu bir çox ekspertin narazılığına səbəb olur. Onlar hökumətin bu addımlarını səhv hesab edirlər və bunun Ermənistanın bölgədə təkləmməsinə səbəb olacağını bildirirlər. Bu onu göstərir ki, Paşinyan və onun komandası öz maraqlarını Ermənistanın maraqlarından üstün tuturlar. Bu isə Ermənistanı gələcək fəlakətlərə sürükləyir. Azərbaycanla toqquşmalar olmasa belə, Paşinyanın bu yanaşması Ermənistanı uçuruma aparacaq”.

Nərminə UMUDLU Poliqon.info