AP üzvlərinin telefonlarında casus proqramı tapılıb

Avropa ParlamentininTəhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) 2 üzvünün şəxsi telefonlarında casus proqram aşkarlanıb...

Poliqon Anadolu Agentliyinə istinadən xəbər verir ki, AP sözçünün müavini Delfi Kolard komitə üzvlərinin kiber təhlükəsizliyini təmin etmək üçün aparılan skanlar zamanı iki üzvün şəxsi telefonlarında casus proqram aşkarlandığını təsdiqləyib.

"Sözügedən geosiyasi konteksti və SEDE-nin təqib etdiyi faylların xarakterini nəzərə alaraq, bu alt komitənin üzvlərinin cihazlarına və onların işini dəstəkləyən əməkdaşlarına xüsusi diqqət yetirilir", deyə Kolard bildirib.

Casus proqram hücumlarının arxasında kimin olduğu barədə məlumat verməyən Kolard "Fəaliyyətin xarakterinə görə, AP-nin təhlükəsizliyi, kibertəhlükəsizlik məsələləri və ya bu xüsusi prosedurda istifadə olunan alətlər haqqında əlavə şərh vermirik", deyib.

AP rəsmisi bildirib ki, 2 komitə üzvünün telefonlarında casus proqram izləri aşkar edildikdən sonra bütün üzvlər texnoloji cihazlarını skan etmək üçün çağırılıb.

Avropa Parlamentinin sədri Roberta Metsola 2022-ci ilin martında bəzi deputatların cihazlarında ilk dəfə olaraq casus proqram aşkar edildikdən sonra bütün üzvlərə şəxsi telefonlarını və kompüterlərini casus proqramlar üçün skan etmək imkanı təklif edib. Bu çərçivədə ilk yoxlamalar 2022-ci ilin aprelində başlayıb və indiyədək 250-dən çox AP üzvünün cihazlarında 500-dən çox skan edilib.

Prosedura əsasən, şəxsi cihazı mümkün təhlükə kimi aşkar edilən millət vəkilinin razılığı ilə kibertəhlükəsizlik xidmətləri tərəfindən dərin təhlil aparılır və daha sonra proses barədə millət vəkili məlumatlandırılır.

Poliqon.info