Lavrov: Ukraynada müharibənin davam etməsinə görə Qərb günahkardır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb və Kiyev sülh istəmir, ona görə də Rusiya Federasiyası müharibəni davam etdirəcək...
“Kiyev və onun Qərb müttəfiqləri Ukraynada sülh yolu ilə nizamlanmaya cəhd göstərmirlər, ona görə də Rusiyanın “ xüsusi hərbi əməliyyatı” davam etdirməkdən başqa yolu yoxdur”.

Poliqon xəbər verir ki, bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Nə Kiyev, nə də Qərb münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirmir. Bizim başqa seçimimiz yoxdur, “xüsusi hərbi əməliyyat” məqsədlərinə çatana qədər davam edəcək”, deyə nazir müsahibəsində bildirib. Lavrov əlavə edib ki, Ukrayna böhranının ədalətli həlli üçün böhranı yaradan əsas səbəbləri aradan qaldırmaq lazımdır.

Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin tərəfindən səsləndirilən məqsədlərini xatırladıb:

“Qərb Ukraynanı silahla doldurmağı dayandırmalı, Kiyev hərbi əməliyyatları dayandırmalı və neytral statusu qəbul etməli, həmçinin yeni ərazi reallıqlarını tanımalıdır”, deyə Rusiyanın XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, fevralın 21-də Rusiyanın xarici işlər naziri Lavrov Kuba və Venesuelaya səfərindən sonra G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Braziliyaya gəlib.

Poliqon.info