İran İsraili qaz kəmərini partlatmaqda ittiham edib

İran İslam Respublikasının neft naziri Cavad Oudcinin sözlərinə görə, İsrail ölkənin magistral qaz kəmərini sıradan çıxarmaq ümidi ilə təxribat törədib...  

Poliqon xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Oudci qaz kəməri ilə bağlı insidentin səbəbini "İsrail sui-qəsdi" adlandırıb. Rəsminin sözlərinə görə, partlayış nəticəsində borunun bir neçə qolu zədələnib, lakin hücum edənlər konstruksiyanı tamamilə sıradan çıxara bilməyiblər.

Fevralın 14-də İranın Borujen şəhərində magistral qaz kəmərində partlayış baş verib. Borujen şəhərinin meri Fəth Kərəmi bildirib ki, kəmərlə qaz təchizatı dayandırılıb və boruda qalan qaz həcmi tamamilə yanandan sonra yanğın söndürüləcək.

Daha sonra "New York Times" adı açıqlanmayan iki Qərb rəsmisinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın hərbi nəzəriyyəçiyə istinadən yazıb ki, partlayışların arxasında İsrail ola bilər. Qərb rəsmilərindən biri nəşrə bildirib ki, zərbələr simvolik xarakter daşıyır və İrana yəhudi dövlətinin imkanlarını göstərmək məqsədi daşıyır.

Poliqon.info