Özbəkistan Rusiyadan qaz alışını bir neçə dəfə artırmağı planlaşdırır

Ortamüddətli perspektivdə Özbəkistan Rusiyadan qaz alışını 3,5 dəfə artıraraq gündə 32 milyon kubmetrə çatdırmağı gözləyir...

Poliqon xəbər verir ki, bu barədə R”İA Novosti” Agentliyi Özbəkistan hökumətinin sərəncamına istinadən məlumat yayıb.

Hazırda Özbəkistanın “Qazprom”la gündə 9 milyon kubmetr qazın nəqlini nəzərdə tutan iki illik müqaviləsi var. Çatdırılmalar 2023-cü ilin oktyabrında Qazaxıstan ərazisi ilə başlayıb.

“RİA Novosti” qeyd edir ki, 2024-cü ildə "Qazprom"un dost ölkələrlə bir neçə ortamüddətli 15 illik müqavilə bağlayacağı gözlənilir. İyunun 5-dən 8-dək keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Qırğızıstan, Qazaxıstan və Özbəkistanla sazişlər imzalana bilər.

Bundan əvvəl Özbəkistanın Nazirlər Kabineti 2024-2030-cu illər üçün investisiya proqramını həyata keçirmək üçün tədbirləri təsdiqləyib. Layihələrin siyahısına şimal istiqaməti üzrə təbii qaz idxalının həcminin artırılması üçün magistral qaz kəmərləri sisteminin modernləşdirilməsi üzrə 470 milyon dollarlıq proqram daxildir.

Poliqon.info