Polşa rəsmisi sərhəddəki vəziyyətlə bağlı Ukraynaya ultimatum verib

Polşanın kənd təsərrüfatı və ərzaq nazirinin müavini Mişal Kolodjeçak sərhəddəki vəziyyətlə bağlı Ukraynaya ultimatum verib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, Kiyev ya danışıqlar aparmalıdır, ya da Varşava Ukraynadan idxala yeni məhdudiyyətlər tətbiq edəcək.

Nazir vurğulayıb ki, Kiyevlə əməkdaşlıq olmadığı təqdirdə Ukraynadan kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına birtərəfli embarqonun tətbiqi imkanları ciddi şəkildə nəzərdən keçiriləcək.

"Top Ukraynanın meydanındadır. Ya siz Polşa ilə razılığa gələcəksiniz, ya da biz Ukrayna mallarının idxalına əlavə məhdudiyyətlər qoymağa məcbur olacağıq", deyə nazir müavini bildirib.

Polşalı fermerlərin etirazları yanvarın sonundan, yüzlərlə traktorla Ukraynadan Varşavaya gedən magistral yolu bağladıqdan sonra yenidən başlayıb. Polşa fermerləri taxıl daşıyan Ukrayna yük maşınlarına hücum etməyə başlayandan sonra münaqişə daha da şiddətlənib.

Fevralın 20-də Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükünə etiraz edən polşalı fermerlər sərhəddəki dəmir yoluna iki vaqon qarğıdalı taxılını töküblər.

Poliqon.info