Bayden Trampın Navalnının ölümünə reaksiyasını tənqid edib

Bayden Navalnının ölümü ilə bağlı Trampın susqunluq nümayiş etdirməsini tənqid edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı respublikaçı rəqibi Donald Trampın rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə reaksiyasını kəskin tənqid edərək, “Niyə Tramp həmişə Amerikanı günahlandırır?”, sualını verib.

Qeyd edək ki, cümə günü Navalnının ölümü ilə bağlı xəbərlərdən sonra Bayden günahı tamamilə Rusiya prezidenti Vladimir Putinin üzərinə qoydu. “Amerikanın səsi” xəbər verir ki, Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi üçün əsas rəqibi Nikki Heyli də Rusiya liderini müxalifət liderinin ölümündə ittiham edib.

“Tramp bazar ertəsi gününə qədər Navalnın adını çəkmədi, o, özünün “Truth” sosial platformasında Navalnın ölümü ilə bağlı təəssüf hissi belə ifadə etməyərək, ancaq öz hüquqi problemlərinə işarə edən mesaj göndərdi”, deyə Bayden bildirib.

Qeyd edək ki, Tramp “Truth” sosial platformasındakı son mesajında hazırkı hakimiyyətin onu təqib etdiyini bildirib və ABŞ-ı tənəzzülə uğrayan ölkə adlandırıb.

“Keçmiş prezident Tramp və digər respublikaçılar Navalnının ölümünə görə Putinin məsuliyyətini qəbul etməkdən imtina edirlər. Əvəzində Tramp dedi ki, Navalnının ölümü ona Amerikanın nə qədər pis olduğunu xatırladır. Mən də sitat gətirirəm: “Ölkəmiz tənəzzüldədir, ölkəmiz iflasa uğrayıb”. Tramp niyə həmişə Amerikanı günahlandırır? Putin Navalnının ölümünə görə məsuliyyət daşıyır. Niyə Tramp bunu deyə bilmir?”, deyə Bayden mesajında vurğulayıb.

Poliqon.info