Qərbin Ukraynadakı hədəfi nədir və Rusiyanın məğlubiyyətini istəyirmi?

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-polkovnik bəyan edib ki, Ukrayna 1991-ci ilin sərhədlərinə çıxmaq uğrunda mübarizəni davam etdirəcək...

Politoloq: “Yeni komandan Sırski Ukrayna ordusunun hücum taktikasından müdafiə taktikasına keçdiyini bəyan etməsindən sonra Rusiya şəhərlərinin bombalanması, Qara dənizdə çıxarma gəmisinin məhv edilməsi onu deməyə əsas verir ki, Ukrayna ordusu aktiv müdafiyəyə keçib”.

“Sırskinin bəyan etdiyi 1991-ci il sərhədlərinə çıxması məsələsi Ukraynanın əsas şərti və hədəfi olsa da, hələlik mümkün görünmür”.

Bu sözləri politoloq Azər Qasımov Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının yeni hədəflərini Poliqon-a şərh edərkən qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-polkovnik Aleksandr Sırski bəyan edib ki, Ukrayna 1991-ci ilin sərhədlərinə çıxmaq uğrunda mübarizəni davam etdirəcək. O, Ukraynanın qələbəsinə əmin olduğunu deyib.

Hazırda Qərbin dəstəyinin tam azaldığını və cəbhədə silah və sursat çatışmamazlığı yaşandığın nəzərə alarsaq, Sırskinin bəyan etdiyi bu hədəflərə çatmaq real görünürmü? Digər tərəfdən, bəzi ekspertlər hesab edirlər ki, Qərb heç də Ukraynanın qələbəsini istəmir, Qərbin əsas hədəfi qarşı duran Ukrayna və Rusiyanı tükəndirməkdir. Bu strategiya barədə nə demək olar?

Ukrayna-Rusiya müharibəsinin indiki dövrünü Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Qərb Rusiyanı belə bir oyunun içində yaxalamışkən onu asanlıqla rahat buraxmayacaq ki, istəyinə nail olsun”.

Qərb üçün Rusiyanın 1991-ci il sərhədlərinə geri atılması və ya indi işğal etdiyi ərazilərlə müharibədən çıxmasının maraqlı olmadığını nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, Qərb üçün Rusiyanı mümkün qədər bu müharibənin içərisində tutub onu iqtisadi və hərbi cəhətdən zəiflətmək maraqlıdır:

“Yeni komandan Sırski Ukrayna ordusunun hücum taktikasından müdafiə taktikasına keçdiyini bəyan etməsindən sonra Rusiya şəhərlərinin bombalanması, Qara dənizdə çıxarma gəmisinin məhv edilməsi onu deməyə əsas verir ki, Ukrayna ordusu aktiv müdafiyəyə keçib. Bu, daha çox Rusiya ordusunun zəiflədilməsi üçün onun güclərinin tükədilməsi taktikasıdır. Qərbin dəstəyinin azalması heç də bu dəstəkdən məhrum olmaq anlamına gəlmir. Lazımı həddə olmasa da, Rusiya ilə döyüşəcək həddə dəstək yenə də verilir. Ukrayna özü də pilotsuz uçuş və dəniz aparatlarının istehsalını təmin edib. Bunlarla Rusiyanın dərinliklərinə və hərbi gəmilərinə hücumlar edir, ciddi zərərlər verə bilir.

Sırskinin bəyan etdiyi 1991-ci il sərhədlərinə çıxması məsələsi Ukraynanın əsas şərti və hədəfi olsa da, hələlik mümkün görünmür. Bunda təbii ki, Qərbin rolu böyükdür. Qərb Rusiyanı belə bir oyunun içində yaxalamışkən onu asanlıqla rahat buraxmayacaq ki, istəyinə nail olsun.

Məsələ ondadır ki, Qərb üçün Rusiyanın 1991-ci il sərhədlərinə geri atılması və ya indi işğal etdiyi ərazilərlə müharibədən çıxması maraqlı deyil. Qərb üçün Rusiyanı mümkün qədər bu müharibənin içərisində tutub onu iqtisadi və hərbi cəhətdən zəiflətmək maraqlıdır. Odur ki, Qərb üçün belə sürünən müharibənin davam etməsi mütləqdir. Bu, sadə oyundur. Sovet İttifaqı da Əfqanıstanda belə oyunun qurbanı oldu. İndi növbə Rusiyanındır”.

Nərminə UMUDLU Poliqon.info