Yunanıstan parlamenti eynicinsli nikahları qanuniləşdirib

Yunanıstan parlamenti eynicinsli nikahları qanuniləşdirən qanun qəbul edib və belə cütlüklərə uşaq övladlığa götürməyə icazə verib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, səsvermədə 300 deputatdan 254-ü iştirak edib. Qanunu 176 deputat dəstəkləyib, 76 deputat əleyhinə çıxıb, ikisi isə bitərəf qalıb. Bununla da Yunanıstan eynicinsli nikahları qanuniləşdirən ilk pravoslav ölkə olub.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis debat zamanı bildirib ki, bu təşəbbüs digər insanları hüquqlarından məhrum etmədən ölkə vətəndaşlarının həyatını yaxşılaşdıracaq. O, islahatın ilk növbədə artıq uşaqları olan cütlüklərə təsir edəcəyinə aydınlıq gətirib. Cənab Mitsotakis əlavə etdi ki, qanun “ata” və “ana” anlayışlarının “valideyn 1” və “valideyn 2” terminləri ilə əvəzlənməsini nəzərdə tutmur.

“İndiyə qədər eyni cinsli cütlüklərin hər iki valideyninin qanuni olaraq uşaqlarını məktəbdən götürmək, onlarla səyahət etmək və ya xəstəxanaya müşayiət etmək üçün eyni imkanları yoxdur. Biz hər kəsə, əgər arzu edərsə, heteroseksual cütlüklərin etdiyi kimi, Meriyadakı mərasimlə münasibətlərini rəsmi şəkildə bağlamağa icazə verməklə bu boşluğu bağlayırıq”, deyə Baş nazir hökümətin mövqeyini izah edib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Yunanıstan parlamenti ölkə vətəndaşlarının eynicinsli vətəndaş birliklərinə daxil olmasına icazə verən qanun layihəsini qəbul edib. Bu qanun eynicinsli birliklər məsələsində mülkiyyət və mirasla bağlı məsələləri həll etməyə imkan yaradıb, lakin belə cütlüklərin uşaqları övladlığa götürməsinə izn verməyib. Yunan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu eynicinsli cütlüklərin evlənməsinə və uşaqları övladlığa götürməsinə qarşı çıxıb.

Poliqon.info