ABŞ və Aİ Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini müzakirə ediblər

ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlar Ukraynada müharibənin başlanmasının ildönümü ərəfəsində Brüsseldə Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər...

Poliqon xəbər verir ki, bu barədə “The Japan Times” nəşri yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.

“Bizim bir çoxumuz sanksiyalar paketlərini kifayət qədər sərtləşdirməyə hazırıq”, deyə nəşrin mənbəsi bildirib. Mənbənin sözlərinə görə, tərəfdaşlar ABŞ, Böyük Britaniya, Aİ və digər ölkələrin indiyədək tətbiq etdiyi məhdudiyyətləri, o cümlədən Rusiyanın hərbi-sənaye bazasına və iqtisadiyyatına təsirini müzakirə ediblər.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqtonun gələcək hərəkətləri sanksiyalardan yayınma ilə mübarizəni əhatə edəcək.

Mənbə qeyd edib ki, Avropa İttifaqına üzv 27 ölkənin nümayəndələri də yeni sanksiyalar paketi ilə bağlı ilk müzakirələrini aparıblar.

“Təkliflərin məzmununu təhlil etmək üçün bir az daha vaxt tələb edən bir ölkə istisna olmaqla, bütün digər ölkələrin nümayəndə heyətləri təklif olunan paketi dəstəklədiklərini bildiriblər”, deyə mənbə qeyd edib.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketi fevralın 19-da Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənə bilər. Bildirilirb ki, ilkin olaraq Aİ sanksiyalar paketinə 118 fiziki və hüquqi şəxsin daxil edilməsini təklif edilib. Son məlumatlara görə isə siyahı genişləndirilib və indi söhbət 193 sanksiya obyektindən gedir.

Poliqon.info