Tramp seçkidə qalib gələrsə, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi, həmçinin ölkənin bəzi NATO üzvləri qarşısında öhdəliklərini azaltmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Donald Trampın müşavirləri Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin arasında seçkilərin nəticələrinə yekun vurulduqdan sonra danışıqların vaxtının təyin edilməsi imkanını müzakirə edirlər.

“Tramp, Ukrayna danışıqlardan imtina edərsə, Zelenskini hərbi yardımı kəsməklə hədələmək niyyətindədir”, deyə adı açıqlanmayan bir müşavir Bloomberg-ə bildirib. ABŞ-ın eks-prezidenti Rusiyaya qarşı da eyni təzyiq formasından istifadə etməyi planlaşdırır. Moskva danışıqlardan imtina edərsə, Ukraynaya hərbi dəstək artırılacaq.

Bundan əlavə, Donald Tramp bəyan etmək niyyətindədir ki, NATO müqaviləsinin alyans üzvünün hücum zamanı kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəsi yalnız müdafiə xərcləri hədəflərinə cavab verən ölkələrə şamil olunacaq.

Qeyd edək ki, Donald Tramp dəfələrlə bildirib ki, hakimiyyətdə olsaydı, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracaq. O, Vladimir Zelenskini “çox yaxşı” və Vladimir Putini daha yaxşı tanıdığını iddia edib. Vladimir Zelenski deyib ki, “Tramp sülhü təmin edərsə” o, “xoşbəxt prezident” olacaq, çünki Ukrayna döyüşlər zamanı çoxlu itkilər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynadakı münaqişə o qədər mürəkkəbdir ki, bir gündə həll oluna bilməz.

Poliqon.info