Natiq Cəfərli: 2025-2026-cı ildə türk lirəsinin tam sabitləşmə dövrünü görə biləcəyik...

Türkiyə lirəsinin rəsmi məzənnəsi aşağı düşməkdə davam edir...

İqtisadçı-ekspert: “Əvvələr buraxılan səhvlər o qədər olub ki, indi o səhvlərin düzəldilməsi üçün böyük zamana ehtiyac var”.

“İndi Mərkəzi Bankın rəhbərliyinin dəyişib-dəyişməməsindən az şey asılıdır. Çünki əvvələr buraxılan səhvlər o qədər olub ki, indi o səhvlərin düzəldilməsi üçün böyük zamana ehtiyac var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli türk lirəsində baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Fevralın 9-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0.36% azalaraq 0.0554 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının göstəricilərində bu öz əksini tapıb. 2024-cü ilin fevralın 8-də isə lirənin məzənnəsi 0.0556 manat olub. Halbuki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına bir həftə əvvəl yeni sədr təyin olunandan sonra vəziyyətin dəyişəcəyinə ümid edilirdi.

Demək olarmı ki, TCMB-nin yeni sədri də türk lirəsi ucuzlaşmasının qarşısını ala bilmir? Ümumiyyətlə, lirə ucuzlaşmaqda davam edərsə, Türkiyə iqtisadiyyatında nələr baş verə bilər?

Türkiyə iqtisadiyyatının gələcək perspektivlərini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bütün dünya faiz artırarkən Türkiyə Mərkəzi Bankının o zamankı rəhbərliyi faizləri aşağı saldı. Bu da türk lirəsinə çox ciddi zərbə oldu”.

İndi Türkiyə Mərkəzi Bankının daha doğru istiqamət götürdüyünü, daha düzgün qərarlar verdiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, Türkiyə Mərkəzi Bankının faizləri dünyada ən yüksək faizlərdən biridir:

“Azərbaycan manatı ilə türk lirəsi arasında birbaşa məzənnə təyinatı yoxdur. Azərbaycanda əsas valyuta dollar olduğu və Mərkəzi Bank, hökumət dolların məzənnəsinə fikir verdikləri üçün dollar türk lirəsinə qarşı bahalaşanda, Azərbaycan manatı da türk lirəsinə qarşı bahalaşır. Türk lirəsi həm dollara, həm də Azərbaycan manatına qarşı ucuzlaşır. Yəni, birbaşa məzənnə yoxdur, çarpaz məzənnədir və dollar üzərindən hesablanır.

İndi Mərkəzi Bankın rəhbərliyinin dəyişib-dəyişməməsindən az şey asılıdır. Çünki əvvələr buraxılan səhvlər o qədər olub ki, indi o səhvlərin düzəldilməsi üçün böyük zamana ehtiyac var. Bütün dünya faiz artırarkən Türkiyə Mərkəzi Bankının o zamankı rəhbərliyi faizləri aşağı saldı. Bu da türk lirəsinə çox ciddi zərbə oldu.

Natiq Cəfərli: “Bu il müəyyən ucuzlaşmalar olsa da, belə kəskin hərəkətlilik olmayacaq”.

Pandemiya dövründə isə bir trilyon lirə obrazlı desək, çap olunub iqtisadiyyata buraxıldı. Çünki iqtisadiyyat dayanmışdı və Türkiyə hökuməti iqtisadiyyatı canlandırmaq, sosial öhdəlikləri yerinə yetirmək üçün bir trilyon lirə dövriyyəyə əlavə pul buraxdılar. İqtisadi nəzəriyyə görə, təbii ki, bu qədər pul kütləsi artırsa, bu məzənnəyə də, infilyasiyaya da təsir göstərir, qiymətləri də artırır. Bu gün biz bunun şahidiyik və bu Türkiyədə baş verir.

Buna zaman lazımdır. İndi Türkiyə Mərkəzi Bankı daha doğru istiqamət götürüb, daha düzgün qərarlar verir. Türkiyə Mərkəzi Bankının faizləri dünyada ən yüksək faizlərdən biridir. Amma bir daha qeyd edin ki, zamana ehtiyac var. Düşünürəm ki, bu il hələ də türk lirəsinin sabitləşməsi ili ola bilər. Yəni bu il müəyyən ucuzlaşmalar olsa da, belə kəskin hərəkətlilik olmayacaq. Amma 2025-2026-cı ildə artıq türk lirəsinin tam sabitləşmə dövrünü görə bilərik”.

Nərminə UMUDLU Poliqon.info