Zelenski bu həftə Berlin, Paris və Londona səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Avropa turu çərçivəsində Berlin, Paris və Londona səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti anonim ukraynalı məmura istinadən məlumat yayıb. Zelenskinin səfəri Münhen Təhlükəsizlik Konfransı ilə üst-üstə düşəcək.

Nəşrin məlumatına görə, Avropa turu zamanı Vladimir Zelenski ölkəsinə hərbi yardımın artırılmasını istəyəcək.

Qeyd edək ki, bundan əvvəl Bloomberg Agentliyi mənbələrə istinadən Ukrayna prezidentinin Avropa ölkələrinə turnesi barədə məlumat yayıb. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Vladimir Zelenski Münhendə keçiriləcək konfransda iştirak edəcək və təhlükəsizlik təminatları üzrə danışıqların tərəfdarı olacaq.

Vladimir Zelenskinin oxşar planlarını Almaniyanın Tagesspiegel portalı da yayıb. Münhen konfransının rəhbəri Kristof Heusgen bildirib ki, tədbirə Vladimir Zelenski və Kiyev meri Vitali Kliçko dəvət olunub. Eyni zamanda Vladimir Zelenskinin ofisi səfərlə bağlı yekun qərarın verilmədiyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, builki Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dan 18-dək baş tutacaq. Burada 50 dövlət və hökumət başçısı və 100 nazir iştirak edəcək.

Poliqon.info