Ölkədə bahalaşan və ucuzlaşan məhsullar
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz olub.
Bu ayda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz təşkil edib.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən, buğda və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma, əsasən, qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib.
Poliqon.info