İngiltərədə çay qıtlığı gözlənilir...

Böyük Britaniya Qırmızı dənizdəki gərginlik səbəbindən çay qıtlığı ilə üzləşə bilər...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb. Qəzet yazır ki, britaniyalılar Böyük Britaniyaya əsas daşınma marşrutu olan Qırmızı dənizdəki gərginlik səbəbindən qara çay təchizatında fasilələrlə üzləşə bilər.

Nəşr Britaniyanın ikinci ən böyük pərakəndə satışçısı olan “Sainsbury's” supermarketlərindən birində çıxan reklamdan istinad edib.

“Biz bütün ölkədə qara çay tədarükünə təsir edən təchizat problemləri ilə üzləşirik. Yaranmış narahatlığa görə üzr istəyirik və ümid edirik ki, tam təchizat tezliklə bərpa olunacaq”, deyə supermarket müştərilərə xəbərdarlıq edib. Supermarket sonradan bunun sənaye miqyasında bir problem olduğunu təsdiqləyib.

The Times böyük pərakəndə satış şirkətlərinə istinadən yazıb ki, bunlar müvəqqəti fasilələrdir və istehlakçılara mənfi təsir minimal olacaq. Bununla belə, qəzet tədarük zənciri ekspertlərinə də istinad edib. Ekspertlər gələcək aylarda müəyyən məhsullar üçün qiymət artımı və qıtlığı istisna etməyiblər.

Britaniya İxrac və Xarici Ticarət İnstitutunun məlumatına görə, Britaniya qara çayının təxminən 50%-i Keniya və Hindistandan gəlir və onun çatdırılma marşrutları əsasən Qırmızı dənizdən keçir.

Poliqon.info