Qırğızıstan ABŞ-dan ölkənin işlərinə qarışmamağı tələb edib

Qırğızıstan prezidenti Sadır Japarov digər ölkələrdən, o cümlədən ABŞ-dan ölkənin daxili işlərinə qarışmamağı tələb edib...

Ploiqon xəbər verir ki, Sadır Japarov Qırğızıstanda qəbul oluna biləcək xarici agentlər haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirən Amerikanın Dövlət Katibi Entoni Blinkenin məktubunu belə şərh edib.

Japarov iddia edib ki, digər ölkələr tərəfindən maliyyələşdirilən QHT-lərdən ibarət kiçik, lakin “çox səsli qrup” “öz çətinlikləri və təqibləri haqqında spekulyasiya edir”. Qırğızıstan prezidentinin sözlərinə görə, həmin QHT-lər insanlar arasında “yalan, etibarsız məlumatlar” yayırlar. Japarpv qeyri-hökumət və qeyri-kommersiya təşkilatları üçün ABŞ tərəfindən maliyyələşdirilən maliyyənin auditini təklif edib.

“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasın”, - deyə Qırğızıstan prezidenti ABŞ Dövlət Katibinə cavab məktubunda bildirib. Sadır Japarov Entoni Blinkeni ölkədə insan hüquq və azadlıqlarının “Konstitusiya və qanunlarla etibarlı şəkildə qorunduğuna” əmin olmaq üçün Bişkekə səfərə dəvət edib.

Qırğızıstanda QHT-lər haqqında qanuna dəyişiklik 2023-cü ilin əvvəlində parlamentari Nadirə Nərmətova tərəfindən irəli sürülüb. O, xaricdən maliyyə alan QHT-lər üçün “xarici nümayəndə” termininin qanunvericiliyə daxil edilməsini, habelə belə təşkilatların reyestrinin yaradılmasını təklif edib. Reyestrə daxil olmaq təşkilatın ölkədə fəaliyyət göstərməsinə icazə verildiyi anlamına gələcək. M.Nərmətova həmçinin QHT-lərə münasibətdə dövlətin səlahiyyətlərinin genişləndirilməsini, o cümlədən qanun pozuntusuna görə qurumun fəaliyyətini birtərəfli qaydada altı ay müddətinə dayandırmaq imkanının hakimiyyətə verilməsini təklif edib.

Poliqon.info