Rusiya əleyhinə yeni sanksiyalar paketinin təfərrüatları məlum olub

Müharibənin ikinci ildönümü üçün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 200-dən çox ad və kampaniyanın yer aldığı növbəti sanksiyalar paketi hazırlayır...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

Mətndə deyilir ki, yeni məhdudiyyətlər paketi Avropa İttifaqında aktivləri dondurulacaq şəxslərin və qurumların siyahısını əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdə tutur.

Həmçinin qeyd olunur ki, Rusiyanın hərbi-texnoloji inkişafına və ya onun müdafiə və təhlükəsizlik sektorunun gücləndirilməsinə töhfə verən şirkətlər sanksiyalara məruz qalmalıdır.

"Planlara görə, əlavə sanksiya tədbirləri 200-dən çox insan və şirkətə təsir göstərə bilər", deyə mətndə qeyd olunur.

Daha əvvəl "Bloomberg" mənbələrə istinadən məlumat vermişdi ki, G7-yə üzv ölkələr fevralın 24-dək öz anti-Rusiya sanksiyalarını hazırlaya bilərlər. Materialın müəllifləri vurğulayıblar ki, onlar Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümünə qədər yeni məhdudiyyətlər paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

"Politico" qəzeti isə diplomatlara istinadən yazıb ki, Aİ-nin Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketi əsasən simvolik olacaq. Nəşrin məlumatına görə, yeni paket çərçivəsində sanksiyalar siyahıları genişləndiriləcək, daha çox şirkətə ikili təyinatlı malların ixracı qadağan ediləcək.​Poliqon.info