Fransa Ukraynaya yeni silahlar verəcək, hərbi yardımı artıracaq

Fransanın Baş naziri Qabriel Attal ölkənin Ukraynaya hərbi yardımını, o cümlədən maliyyə dəstəyi və silah təchizatını artırmaq niyyətini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Fransa hökumətinin X sosial şəbəkəsində səhifəsində məlumat verilib.

Attalın sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrini ən son nəsil silahlarla, o cümlədən "Skalp" raketləri, "Sezar" haubitsaları, AMX-10 RC zirehli maşınları, həmçinin AASM bombaları ilə təmin edir.

"Bizim dəstəyimiz açıq şəkildə genişləndiriləcək: təkcə maliyyə resurslarının ayrılması baxımından deyil, həm də ukraynalıların özlərini müdafiə edə bilmələri üçün lazım olan ən yüksək standartlara cavab verən silah növü baxımından", deyə Fransanın baş naziri qeyd edib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Rusiya Ukrayna münaqişəsindən Avropa İttifaqında yorğunluğa ümid etməməlidir.

Fevralın 1-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, AK Kiyevə daha çox hərbi texnika, eləcə də bir milyon artilleriya mərmisi tədarük edəcəyinə söz verib.

Həmin gün Avropa İttifaqı Ukraynaya 50 milyard avro yardımı təsdiqləsə də, müəyyən şərtlər irəli sürüb. Bunlara demokratik prinsiplərə və insan hüquqlarına, o cümlədən azlıqlara hörmət, qanunun aliliyi daxildir.

Poliqon.info